
Hər bir müsəlmanın ağlına belə bir sual gələ bilər ki, Qur`ani-Kərimin bir çox ayələrində müşriklərin dində öz ata-babalarına təqlid etmələri pislənilir və məzəmmət olunur. Belə olan təqdirdə, biz hansı əsasla dində təqlid və tabeçilik məsələsindən söhbət açırıq? Məgər Qur`an təqlidi pisləmirmi? Yaxud, bə`ziləri belə fikir yürüdürlər ki, təqlid etmək bir növ insanın fikir müstəqilliyi ilə düz gəlmir. Və ya özümüzün ağlımız olan yerdə başqalarının ağlından nəyə görə bəhrələnməliyik? Bütün bu şübhələr və iradlar məsələnin cavabını bilməyənlər üçün doğrudan da təhlükəlidir.